İyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, sonuncu dəfə həmin kart vasitəsilə ötən ilin avqust ayında pul çıxardıqlarını bildirib.
Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu araşdırmalara başlayıb. Polis əməkdaşları oğurluğun Z.Nurullayevanın evində kirayədə yaşayan şəxs tərəfindən törədilməsi barədə əməliyyat məlumatı əldə edib. Görülən tədbirlərlə zərərçəkmişin evində yaşayan kirayənişin şübhəli şəxs qismində saxlanaraq Polis Şöbəsinə gətirilib. Araşdırmalarla onun Sələh-oba kənd sakini Ruslan Hacımətov olduğu müəyyən edilib. Polis əməkdaşlarının tutarlı dəlilləri qarşısında o, törətdiyi əməli etiraf edib. Müəyyən edilib ki, R.Hacımətov ailəsi ilə birlikdə ev sahibəsinə kömək edəcəkləri barədə razılaşaraq təmənnasız onun evində yaşayırmış. Həmin qadının hər ay təqaüd aldığını bilən R.Hacımətov onun bank kartının saxlanc yerini müəyyən edərək cari ilin fevral ayından iyun ayına qədər həmin hesabdan mütəmadi olaraq pul çıxarıb, şübhə doğurmamaq üçün isə kartı qaytarıb yerinə qoyub.
Aparılmış tədbirlərlə zərərçəkmişin ümumilikdə 2080 manatının oğurlandığı müəyyən edilib.
Faktla bağlı Qusar RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Natiq CAVADOV, DİN mətbuat xidmətinin əməkdaşı