"Azərsığorta" dövlət şığorta şirkəti Tovuz filialının direktoru Raya Bayramova iş otağında küt alətlə başından vurularaq qətlə yetirilib.
Baki-xeber.com-un xəbərinə görə, onun müavini də xəsarət alaraq xəstəxanaya yerləşdirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, R. Bayramovanın müavini 1965-ci il təvəllüdlü Vəliyev Vidadi Bəhmən oğlu kəllə-beyin travması ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O, qurumun yerləşdiyi binanın damından yıxılaraq xəsarət aldığını deyib.
Dövlət şirkətinin hüquq və kadr departamentinin direktoru Əfqan Mirzəyev agentliyə açıqlamasında bildirib ki, ilkin ehtimal qətldir, lakin məlumat rəsmi səviyyədə təsdiqlənməyib: “Biz də rəsmi məlumat gözləyirik. Hər halda, görünən budur ki, hadisənin şirkətlə əlaqəsi yoxdur".
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.