Rəşad Həsənov: “Həm kənd təsərrüfatı, həm də innovativ texnologiyalar üzrə yeni təşəbbüslərin dəstəklənməsi istiqamətində işlər görülə bilər”
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-cu ildə "Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkədə layihələrə 1,5-2 milyard avro sərmayə qoymağı planlaşdırır. Bu barədə AYİB-in maliyyə institutları üzrə direktoru Fransis Malij bildirib. Onun sözlərinə görə, söhbət Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovadan gedir.
"Bu regiona ildə 1,5-2 milyard avro sərmayə qoyacağıq. Məbləğ ölkədən-ölkəyə və ildən-ilə dəyişir. Bəzən Belarusa çox, Ukraynaya az, Azərbaycana çox, Gürcüstana az sərmayə qoyuruq. Ümid edirəm ki, belə miqyas gələcəkdə də saxlanacaq" - F.Malij deyib.
O əlavə edib ki, AYİB-in bu ölkələrin hər birinə sabit investisiya planı yoxdur: "Biz maliyyələşdirməyə layiq olan layihələr tapmağa çalışırıq. Əvvəlcə maraqlı, cəlbedici olacaq razılaşma tapırıq. Müqavilə cəlbedicidirsə, biz onu maliyyələşdiririk".
Qeyd edək ki, Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusla yaxınlaşmasına istiqamətlənmiş "Şərq Tərəfdaşlığı" proqramına 2009-cu ildə Praqada keçirilmiş sammitdə start verilib. Proqramın təşəbbüskarı kimi Polşa və İsveç çıxış edib. “Şərq Tərəfdaşlığı”nın əsas hədəfi 6 postsovet respublikasını Avropa İttifaqına daha da yaxınlaşdırmaq, sabitlik, yaxşı idarəçilik və iqtisadi inkişafı təşviq etməkdir. Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır.
Bütün bunlarla yanaşı, AYİB-in "Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkədə layihələrə 2 milyard avroyadək sərmayə ayırmaq təşəbbüsünü ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, AYİB-in məlum təşəbbüsü çox əhəmiyyətlidir: “Məsələ ondadır ki, son dövrlərdə biznesin əsas problemlərindən biri maliyyə çatışmazlığıdır. Bu baxımdan, AYİB kimi qlobal maliyyə institutlarının ölkədə müxtəlif layihələrin maliyyələşdirilməsinə cəlb edilməsi və ümumiyyətlə, ölkə iqtisadiyyatına investisiya yatırması əhəmiyyətli məsələdir. O üzdən, hökumət bu məsələdə bir qədər ehtiyatlı davranmalıdır. O mənada ki, burada müəyyən rəqabət var. Çünki 6 ölkə bu prosesdə iştirak edir. Sözügedən ölkələr mümkün qədər çalışacaqlar ki, bundan daha çox pay alsınlar. Məsələ ondan ibarətdir ki, sərmayələr qoyulan zaman əsas diqqət edilən məqamlar var. Diqqət edilən məqamlardan biri istiqamətlərin daha doğru müəyyən edilməsidirsə, ikincisi şəffaflığın təmin olunmasıdır. Yəni bununla bağlı ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin etmək vacib amillərdən biridir. Bax, bu kimi məsələlərə sərmayə qoyan tərəf xüsusi diqqət göstərir. Azərbaycanda bu istiqamətdə son dövrlər müəyyən addımlar atılsa da, görüləsi işlər çoxdur. Ölkədəki mühit xarici sərmayələrin cəlbinə tam uyğunlaşdırılmalıdır. Ona görə də əsasən bu vəsaitlər daha çox hazırda biznesin maliyyəyə çıxışının inkişaf etdirilməsi kimi məsələlərə yönəlməlidir. Bir sıra hallarda vəsaitlər texniki parametrlər üzrə inkişaf məqsədilə istifadə olunur. Düşünürəm ki, hazırda Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin maliyyə vəsaitlərinə çıxış imkanları məhduddur. O baxımdan sözügedən vəsaitlər biznes subyektlərinə, startaplara aşağı faizli kreditlərin verilməsi məqsədilə istifadə oluna bilər. Eyni zamanda, təyinatlı kreditlər müəyyənləşdirilə bilər. Həm kənd təsərrüfatı, həm də innovativ texnologiyalar üzrə yeni təşəbbüslərin dəstəklənməsi istiqamətində işlər görülə bilər. Əsas məsələ odur ki, biz AYİB-in etimadını qazanaq”.
Vidadi ORDAHALLI