Dünya birjalarında neftin qiymətinin sürətlə bahalaşması yenidən diqqəti “qara qızıl”a yönəldib. İndi maraq doğuran məqam bahalı neftin iqtisadiyyat üçün nə vəd etməsidir. Məsələ burasındadır ki, artan qiymətlər hasilatçı ölkələrə böyük gəlir gətirsə də, istehlakçı ölkələrdə qiymət artımına səbəb olur. Digər tərəfdən, hasilatçıların heç də hamısı yüksək qiymətlərdən razılıq etmir. Amma yüksək qiymətlərdən uğurla istifadə edən ölkələr də var ki, onların sırasında Azərbaycanın da adı çəkilir.
Bu barədə danışmazdan öncə qeyd edək ki, qiymətlər verilən proqnozlardan da böyük sürətlə artır. Son məlumatlara görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 85,07 dollar, “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,31 dollar bahalaşaraq 75,61 dollar olub. Azərbaycan neftinin qiyməti də son 4 ilin maksimumuma yüksəlib. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar bahalaşaraq 85,94 dollar təşkil edib. Xatırladaq ki,Azərbaycan neftinin bir barreli sonuncu dəfə 2014-cü il noyabrında 85 dollardan baha satılıb. Təhlilçilər qiymət bahalaşmasını ilk növbədə İran nefti üzərinə gözlənilən sanksiyalar, Şimali Amerikadakı ticarət gərginliyi və Venesueladakı proseslərlə bağlayır.
İranın neft naziri Bijən Namidar Zəncənə bildirir ki, ABŞ rəhbərliyinin apardığı siyasət nəticəsində neftin qiyməti yüksəlir: “ABŞ prezidenti Donald Tramp neftin qiymətinin bahalaşmasını istəmirsə, bölgədə təzyiqi artıran müdaxilələrdən, İranın neft istehsalı və ixracına mane olmaqdan əl çəkməlidir. ABŞ rəhbərliyinin apardığı siyasət nəticəsində neftin qiyməti yüksəlir və bazara inam azalır. Tramp İranın neft ixracını azaltmağa çalışarkən “qara qızıl”ın qiymətinin artmasını da istəmir. Bu ikisi birgə mümkün deyil”. Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək. “JTD Energy Securities” firmasının baş təhlilçisi Con Driskol bildirir ki, ABŞ-ın OPEK-in üçüncü böyük hasilatçısı olan İranın üzərinə sanksiyaları ilin sonunadək təqribən günə bir milyon barrel neftin bazardan silinməsinə səbəb olacaq. O vurğulayır ki, belə vəziyyətdə 1 barrel üçün 100 dollar qiyməti tamamilə real, bəlkə də qaçılmaz görünür. Onun sözlərinə görə hazırda neft bazarında panikaya bənzər alış gəlhagəli başlanıb. Təhlilçi bildirir ki, qarşıdan anbarlarda neftin daha az olduğu zaman gəlir.
Bəs, neftin qiymətinin yenidən 100 dollara qalxması dünya iqtisadiyyatı üçün nə deməkdir? “Bloomberg” agentliyi bildirir ki, belə qiymət neft istehsalçısı olan bir çox ölkə üçün xeyirli olacaq: “Amma qiymət artımında Hindistan, Çin, Tayvan, Çili, Türkiyə, Misir və Ukrayna ən böyük zərər görən ölkələr ola bilər. Neft üçün daha çox pul ödəmək məcburiyyətində qalmaqları bu ölkələrin hazırki kəsirlərini artıracaq və Amerika Mərkəzi Bankının faiz artırımları qarşısında daha “kövrək” vəziyyətə salacaq”. Yuxarıda qeyd olunduğu kimi, neftin qiymət artımından gəlir götürən və bundan daha səmərəli istifadə etməyi bacaran ölkələrdən biri də Azərbaycan olacaq. Qeyd olunur ki, bir çox hasilatçı ölkələrdə olduğu kimi, Azərbaycanda da neftin qiymətinin qalxması höklumətin xərclərinin artması deməkdir. Bu xərclər isə, son 15 ilin müşahidələrinə görə, ölkənin abadlaşdırılması, infrastruktur meqa layihələrə yönəlir. Bu həm də ölkədaxili sərmayələrin artması, məşğulluq səviyyəsinin yüksəlməsi deməkdir. Məsələnin bu tərəfinə nəzər salan iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanın gündəlik neft ixracatının 641 min barrel olduğunu nəzərə aldıqda, qiymətin hər 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik əlavə gəlir deməkdir: “Bu vəsaitdən xərc çıxalandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxilolmaları deməkdir”. Belə həcmdə vəsait isə Azərbaycana maliyyə sahəsində daha yaxşı manevr etmək imkanı qazandırır. "Moody's" beynəlxalq reytinq agentliyi isə diqqəti buna yönəldir ki, artıq qiymətlər Azərbaycanda real ümumi daxili məhsulun (ÜDM) həcmini də yüksəldir. Qurum iqtisadi inkişaf göstəricisinin 2018-ci ilin yekununda 2%, 2019-cu ilin yekununda isə 3% təşkil edəcəyini proqnozlaşdırır: "Artım əsas etibarı ilə neftin bahalaşması və təbii qaz ixracının həcminin artması hesabına olacaq". Qiymət artımı həm də milli valyutanın bundan sonra daha sabit mövqedə qalmasını şərtləndirir. Hazırda neftin qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Ölkəyə daxil olan valyuta da valyutaya olan tələbin ödənilməsi baxımından çox vacibdir. Belə görünür ki. bu tələb artıqlaması ilə ödəniləcək və bu vəziyyətdə manatın dəyər qazanma ehtimalı da artır. Eləcə də qeyri-neft ixracatının artımı manat üçün əlavə imkanlar qazandırır.
NAHİD