İlham Şaban: “D230 perspektiv bloku Bakı şəhərindən 135 kilometr şimalda yerləşir”
Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın baş naziri Tereza Meyin iştirakı ilə London şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP Qrupunun baş icraçı direktoru Bob Dadli tərəfindən yeni müqavilə imzalanıb.
Bildirilir ki, SOCAR və BP Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunun birgə kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü haqqında yeni saziş (HPBS) imzalayıblar. İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Bizim BP ilə artıq uzunmüddətli əməkdaşlıq ənənəmiz formalaşıb. Əminəm ki, hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini davam etdirəcək. Bu gün imzalanan saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq”.
Yeni razılaşma Azərbaycan üçün nə vəd edir?
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert İlham Şabanın sözlərinə görə, SOCAR-la BP arasında yeni sazişin imzalanması gözlənilən idi və bu bizim ölkəmiz üçün əhəmiyyətli hadisədir: “Bir neçə gün öncə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli belə bir sənədin imzalanacağının anonsunu vermişdi. Bu sənədin imzalanması ilə bağlı ilkin razılaşma 2016-cı ilin mayında əldə edilib. Sonrakı dövr üçün hazırlıq getdi və nəhayət, 26 aprel 2018-ci ildə bu sənəd imzalandı. Xəzər dənizində yataqların öyrənilməsi, kəşfi, onların istismarı dövrünə nəzər salsaq, dənizin Azərbaycan sektorunun şimal hissəsi nisbətən az öyrənilib. Müstəqillik illərində cəmi bir şirkət - Rusiyanın "LUKoil" şirkəti Xaçmaz rayonunun Yalama ərazisindəki D222 strukturunda dənizin dayaz hissəsində bir quyu qazmışdı. Ancaq bu quyudan heç bir karbohidrogen ehtiyatı tapılmadığından, müqaviləyə 2000-ci ilin əvvəlində xitam verildi. Hazırkı D230 perspektiv bloku Bakı şəhərindən 135 kilometr şimalda yerləşir. Bu blok Xəzərin daha dərin hissəsindədir. Orada dənizin dərinliyi 150 metrdən başlayır. İlkin aparılan geoloji kəşfiyyat işləri dənizin dibindən 3500 metrdə karbohidrogen ehtiyatı olmasını güman edir. Bu gümanı reallığa çevirmək üçün orada kəşfiyyat quyusu qazılmalıdır. Bundan sonra orada bir şey tapılmasa belə, Azərbaycan geoloqlarına böyük töhfə olacaq. BP-nin operatorluğu ilə aparılan kəşfiyyat işlərinin məlumatları Azərbaycana veriləcək. Bu da gələcək zaman üçün Xəzərin şimal hissəsinin geologiyası ilə bağlı aparılacaq növbəti işlərdə çox qiymətli material rolunu oynayacaq”.
Məhəmmədəli QƏRİBLİ