Əkrəm Həsənov: “Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının fəaliyyəti sağlam deyil”
Məlumatlara görə, Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının bir qisminin lisenziyası ləğv oluna bilər. Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Qeyd olunur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası bu addımı maliyyə sektorunun sağlamlaşdırılması, daha dəqiq desək, təmizlənməsi tədbirləri çərçivəsində ata bilər: "Hazırda azı 10 BOKT, kredit ittifaqlarının isə təxminən yarısı faktiki fəaliyyət göstərmir. Onlar maliyyə hesabatlarını vaxtında və normal təqdim etmirlər, bəzi hallarda isə hesabat verməkdən yayınırlar. Həmin kredit təşkilatlarının bu ilin sonuna qədər bazardan kənarlaşdırılacağı istisna deyil".
Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 46 BOKT və 76 kredit ittifaqı fəaliyyət üçün lisenziyaya malikdir.
Maraqlıdır, bank olmayan kredit təşkilatlarının (BOKT) və kredit ittifaqlarının bir qisminin lisenziyasının ləğv olunması maliyyə sektorunun sağlamlaşdırılmasına səbəb ola bilərmi?
Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları və kredit ittifaqlarının fəaliyyəti sağlam deyil: “Həmin təşkilatlar əsasən qanun pozuntusu əsasında çalışırlar, bəziləri isə formal olaraq fəaliyyət göstərirlər. Hansısa BOKT və ya kredit ittifaqının fəaliyyətində nöqsanlar aşkar olunarsa, onların bağlanması düzgün olar. Onların ləğv olunması bank sisteminin sağlamlaşdırılmasına səbəb olacaq. Bəllidir ki, bank sistemi yalnız kommersiya banklarından ibarət deyil. Bank olmayan kredit təşkilatları və kredit ittifaqları da bank sektoruna aiddir”.
Həmsöhbətimizin sözlərinə görə, qanunvericiliyə əsasən, kredit ittifaqları yalnız öz üzvlərinə kredit verməlidirlər. Reallıqda isə vəziyyət tam başqadır: “Belə ki, kredit ittifaqları kimə istəyirlər kredit verə bilirlər.Həmin kredit ittifaqları sözügedən krediti formal olaraq qeydə alıb istədikləri şəxsə kredit verirlər. Bu səbəbdən də hesab edirəm ki, əksər kredit ittifaqları və bank olmayan kredit təşkilatlarının fəaliyyətinə son qoyulmalıdır”.
Günel CƏLİLOVA