Rəsul Cahangirli: "Bunun iqtisadi baxımdan əhəmiyyəti böyükdür"
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin hüquqi statusu dəyişdirilib. Prezident İlham Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı fərmana əsasən, "Mərkəzi icra hakimiyyəti orqanı" hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılacaq.
Fərmanda Nazirlər Kabinetinə yaradılan publik hüquqi şəxsin nizamnaməsi layihəsini iki ay müddətində hazırlamaq, eləcə də publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərini həyata keçirən barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Məlumat üçün qeyd edək ki, "MİDA" MMC bu ilin aprelində Prezident sərəncamı ilə yaradılıb. Məqsəd ölkədə sosial evlərin tikintisini həyata keçirməkdir.
Bütövlükdə, agentliyin statusu ilə bağlı son dəyişiklikləri ekspertlər necə qiymətləndirir və bütün bunlar tikinti sektorundakı vəziyyətə necə təsir edəcək? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin fikrincə, bu, tikinti sektorunda canlanmaya müsbət impuls verəcək: "Tikinti işləri üzrə xərclərin ödənilməsi qaydaları Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müəyyən ediləcək. Binaların tikintisi agentliyin sərəncamında olan torpaq sahələrində həyata keçiriləcək. Bununla yanaşı, agentliyin sərəncamına verilən torpaq sahələrində tikinti obyektlərinin inşası, tikinti ərazisinədək mühəndis-kommunikasiya təminatı sisteminin yaradılması Mənzil İnşaatı Dövlət Agentliyinin müraciəti əsasında, dövlət büdcəsinin vəsaiti hesabına reallaşdırılacaq. Bu işlər üzrə tədbirlər Nazirlər Kabinetinə tapşırılıb. Bütün hallarda, bu, tikinti sektorunda canlanma yaradacaq. Tikinti sektorunun kifayət qədər geniş və əməktutumlu olduğunu nəzərə alsaq, minlərlə insan işlə təmin olunacaq. O baxımdan bunun iqtisadi baxımdan əhəmiyyəti böyükdür". Vidadi ORDAHALLI