2017-ci ilin sonunadək Bakı-Gəncə sürətli qatar marşrutunun açılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək.
Gediş haqqına gəlincə, QSC sədri deyib ki, qiymət təqribən 15 manat olacaq: "Qatarlarda Wi-Fi da olacaq. İnsanlar Gəncəyə 3,5 saata çata biləcəklər".
Cavid Qurbanov deyib ki, Azərbaycan yük daşımalarından ildə təqribən 2,5 milyard dollar qazanc əldə edə bilər.
O bildirib: "Əgər ildə Azərbaycan ərazisindən 50 milyon ton yükün keçməsinə nail ola bilsək, hər tondan təqribən 50 dollar qazanmaqla hər il 2,5 milyard dollar gəlir əldə edəcəyik".
C. Qurbanov qeyd edib ki, bunun üçün illər tələb olunur, belə ki, dünyanın diqqətini Azərbaycana cəlb etmək lazımdır.