"Cənub Qaz Dəhlizi" layihəsi şərq və qərb enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artıracaq. Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.
Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iri transmilli layihələri reallaşdırmağa davam edir: "Cənub Qaz Dəhlizi" Avropanın ən iri infrastruktur və enerji layihələrindən biridir. Enerji təhlükəsizliyi layihəsi olmaqla uzun illər ərzində istehsalçılara, tranzit ölkələrə və istehlakçılara mənfəət qazandıracaq".
N.Abbasov qeyd edib ki, "Cənub Qaz Dəhlizi" ilə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə yeni töhfə verib. O əlavə edib ki, hazırda Azərbaycan sutkada 82-88 milyon kubmetr qaz və 115-120 min ton neft hasil edir.
Ölkədə təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr, neft isə 2 milyard tondur.
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə deyib ki, SOCAR Türkmənistan qazının Azərbaycan ərazisi ilə tranziti üzrə danışıqların müsbət nəticələrini gözləyir. Onun sözlərinə görə, Türkmənistana öz qazının tranziti üçün Azərbaycanın boru kəməri infrastrukturuna qoşulmaq sərf edir: "Təxminən Xəzərin ortalarınadək olan boru kəmərlərimizin Türkmənistanadək məsafəsi böyük deyil".
X.Yusifzadə qeyd edib ki, sərhədyanı "Kəpəz" yatağının işlənməsi məsələsi qalır: "Türkmənistan bu yatağı "Sərdar" adlandırır. Fikrimcə, bu məsələni də yaxın vaxtlarda həll edəcəyik".