Əli Əlirzayev: "Həmin vəsaitin ölkədə inflyasiyaya hər hansı təsir göstərəcəyini düşünmürəm"
Xəbər verildiyi kimi, 1 avqust 2016-cı il tarixdən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.
22 avqust 2016-cı il tarixdən etibarən isə Əmanətlərin Sığortalanması Fondu "Qafqaz İnkişaf Bankı" ASC və "Atrabank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişini həyata keçirir. 23 avqust 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 317,4 manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 140 min manatdan artıq kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanıb və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.
Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 24,052 min manat kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 4 fevral 2016-cı il tarixindən etibarən başlanıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 895,5 min manat kompensasiya ödənilib.
Sığorta hadisəsi baş vermiş "Texnikabank" ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 12 fevral 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanıb. Seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan əmanətçilərə 119,5 milyon manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 206 milyon manatdan artıq kompensasiya ödənilib.
Bütövlükdə 206 milyon manat kompensasiyanın ödənilməsinin ölkədə inflyasiyanın səviyyəsinə hansısa təsiri varmı?
Məsələyə münasibət bildirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, bu, inflyasiyanın səviyyəsinə hansısa formada təsir göstərməyəcək. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: "Hələlik yalnız 12 faizlə banklara qoyulan əmanətlər qaytarılır, digərləri hələ qaytarılmır. Ancaq həmin vəsait də əmanətçilərə qaytarılmalıdır. Qaldı ki, bunun inflyasiyaya təsirinə, bu mümkün görünmür. Ona görə mümkün görünmür ki, bu, əhalinin puludur. Əmanətçilər vəsaiti banka qoyub faiz alırdı və onunla dolanırdılar. Vəsaiti geri alan əmanətçi onu xərcləməyəcək ki, bu, ölkədə inflyasiyanın səviyyəsinə təsir göstərsin. Kompensasiyanı aldıqdan sonra onu xarici valyutaya çevirib digər banka qoyacaq. Bu, inflyasiyanın səviyyəsinə o halda təsir edər ki, həmin vəsait bazara daxil olur. Yəni müxtəlif məqsədlər üçün xərclənir. Ancaq müşahidələr göstərir ki, əmanətləri geri alan şəxslər həmin vəsaiti xərcləmir. Onu yastıq altında saxlayırlar, yaxud da digər banka yatırırlar. O baxımdan da həmin vəsaitin ölkədə inflyasiyaya hər hansı təsir göstərəcəyini düşünmürəm".
Vidadi ORDAHALLI