Azərbaycanda iki bank müflis elan olunub. Trend Azərbaycanın Əmanətlərin Sığortalanması Fonduna istinadən məlumat verir ki, həmin banklar "Qafqaz İnkişaf Bankı”ASC və "Atrabank” ASC-dir.
Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli 2-1(81)-1594/2016 saylı Qərardadı ilə "Qafqaz İnkişaf Bankı”ASC və "Atrabank” ASC müflis elan olunub və Əmanətlərin Sığortalanması Fondu 16.08.2016-cı il tarixdən qeyd edilən bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 15 avqust 2016-cı il tarixli 01/04-2050 nömrəli məktuba istinad edərək bildirir ki, "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-də sığorta hadisəsi baş verib ("APA-Economics”).
"Əmanətlərin sığortalanması haqqında” qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq 16 avqust 2016-cı il tarixi "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur. "Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində "Qafqaz İnkişaf Bankı” ASC və "Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.