Azərbaycan Respublikası Nazirlər Kabineti vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını təsdiq edib.
Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərarda bildirilir: «Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli, 292-VQD nömrəli Qanununun tətbiqi və «Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli, 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli, 946 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası» təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər».
Maraqlıdır, vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasının mahiyyəti nədən ibarətdir?
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı-ekspert İldırım Qurbanovun sözlərinə görə, bu o deməkdir ki, vergi orqanı maliyyə baxımından təşkilat olaraq özü-özünü saxlaya bilər: «Bu o deməkdir ki, vergi orqanı hərtərəfli dövlətdən asılı olmasın. Müəyyən ehtiyaclar həmin fondlar hesabına təmin edilsin. Məsələn, bənzər fondlar universitetlərdə də olur. Görürsən yaradırlar ki, işçilərə əlavə bonus, əməkhaqqı verə bilsinlər. Bunun ikinci səbəbi devalvasiyadan sonra yaranan müəyyən durğunluqla bağlıdır. Ona görə də bunun iqtisadiyyata xeyri var, zərəri yoxdur. Dövlət tərəfindən bir sıra tədbirlərin görülməsi fonunda belə bir addımın atılması başadüşüləndir. Mövcud iqtisadi reallıqlar bunu tələb edir. Həmçinin, bu, milli iqtisadiyyatın şaxələnməsinə xidmət edir. Devalvasiyadan sonra ölkədə baş verən iqtisadi durğunluqdan sonra büdcədənkənar fondların yaradılması səmərəli nəticə verə bilər. O üzdən belə bir addımın atılmasına müsbət prizmadan yanaşıram».
Vidadi ORDAHALLI