Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) qərarı ilə çoxsaylı dövlət müəssisə və obyektləri özəlləşdirməyə çıxarılıb. ƏMDK-nin mətbuat xidmətindən bildirilib ki, komitə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlər, 2-si qeyri-yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir.
Özəlləşdirməyə çıxarılan müəssisələr nəqliyyat, xidmət, kənd təsərrüfatı, o cümlədən qida istehsalı, inşaat və ticarət sahəsində fəaliyyət göstərir.
Hərraclar barədə məlumat ƏMDK-nin rəsmi orqanı olan «Mülkiyyət» qəzetində və komitənin yenicə istifadəyə verilən özəlləşdirmə portalında yerləşdirilib.
Bundan başqa, komitə tərəfindən yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətinin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti, gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanıb və qeyd olunan özəlləşdirmə portalında yerləşdirilib. Qarşıdakı dövrdə çoxlu sayda dövlət müəssisə və obyektlərinin mərhələli şəkildə özəlləşdirməyə çıxarılması planlaşdırılır. Eyni zamanda, ƏMDK tərəfindən «Daşkəsən Filizsaflaşdırma» ASC-nin özəlləşdirilməsinin təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması üçün nüfuzlu məsləhətçinin cəlb edilməsi ilə bağlı açıq tender elan edilib. Özəlləşdirməyə çıxarılan dövlət əmlakları inventar qiyməti ilə deyil, bazar dəyərlərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.
Bundan başqa, özəlləşmədə şəffaflığın təmin edilməsi, geniş alıcı kütləsinin cəlb olunması üçün hərraca çıxarılan əmlaklar barədə indi daha geniş və təfərrüatlı məlumat təqdim olunur.
Görünən odur ki, bu dəfə çoxsaylı müəssisə özəlləşdirməyə çıxarılıb. İndiki iqtisadi vəziyyətdə belə bir addımın atılmasını ekspertlər necə dəyərləndirir?
Məsələyə münasibət bildirən ekspert Zakir Əhmədov buna müsbət prizmadan yanaşdı. Onun fikrincə, bu çox mühüm qərardır: «Ona görə ki, ölkədə özəlləşdirilə bilinən və hətta bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Bununla yanaşı, hazırkı qlobal iqtisadi böhrandan yaxa qurtarmaq üçün də özəlləşdirmə ən optimal variantlardan biridir. Belə ki, bir sıra ölkələr böhran dövrlərində bundan geniş istifadə edib. Bu, həmçinin, daxili borclanmanın, qarşılıqlı ödəmələr probleminin birdəfəlik həlli üçün də çıxış yolu hesab olunur. Çünki çoxsaylı belə müəssisənin dövlət hesabına olması daxili borclanmaya şərait yaradır. O üzdən, özəlləşdirmə yeni iqtisadi inkişaf yoluna dair modelin yaradılması işində, bir növ, əsas elementlərdən birini təşkil edir. Neft gəlirlərinin azalması fonunda belə bir addımın atılması zəruri idi. Nəzərə almaq lazımdır ki, ilin əvvəlində Prezident İlham Əliyev ölkədə geniş özəlləşdirmə proqramının hazırlanması haqda göstəriş verib. Sözügedən özəlləşdirmə də Prezidentin məlum qərarından irəli gəlir. Bütün hallarda elə etmək lazımdır ki, xarici və yerli investorlar özəlləşdirmədə böyük maraqla iştirak etsin. Bu, vacib amillərdən biridir. Belə olsa, o zaman həmin müəssisələrə sahib çıxan olacaq və ölkəyə sərmayə gələcək».
Vidadi ORDAHALLI