Məlum olduğu kimi, Azərbaycanda istehsal fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarlar üçün mənfəət (gəlir) və əlavə dəyər vergisinin dərəcələri aşağı salınacaq. Bu, Prezident İlham Əliyevin «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında» 4 avqust 2016-cı il tarixli Sərəncamında öz əksini tapıb.
Sərəncamın mühüm bir müddəası ƏDV-nin differensiallaşdırılması ilə bağlıdır. Bunun da mahiyyəti ondan ibarətdir ki, bir sıra istehlak mallarının qiymətinin ƏDV-nin differensiallaşdırılması yolu ilə tənzimlənməsi nəzərdə tutulur. Beynəlxalq təcrübədə belə mallara uşaq qidaları, məktəbli ləvazimatları, dərman vasitələri, əlillər üçün tibbi məhsullar və avadanlıqlar, kitablar və bir sıra xidmət növləri daxildir. Gözlənir ki, qarşıdakı dövrdə bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək.
Heç şübhəsiz ki, alınan hansısa avtomobillə yanaşı, uşaq qidalarına, uşaq geyimlərinə eyni dərəcədə ƏDV-nin tətbiq olunması doğru yanaşma deyil. Nəzərə alsaq ki, uşaq geyimlərinin qiyməti hər zaman nisbətən yüksək olub, o üzdən bu güzəştlərin edilməsi olduqca vacibdir.
O baxımdan maraqlıdır, differensial ƏDV-nin tətbiqi sözügedən məhsulların ucuzlaşmasına nə kimi təsir göstərəcək?
Məsələni şərh edən iqtisadçı-ekspert Qalib Toğrulun fikrincə, bu, həmin məhsulların ucuzlaşmasına müəyyən təsir göstərəcək: «ƏDV-nin differensiallaşdırılması da çox önəmli məsələdir. Yəni artıq hamı üçün 18 faiz, yaxud kimin üçünsə 0 faiz vergi güzəşti tətbiq olunmayacaq. Bu isə o deməkdir ki, müəyyən yüksək ƏDV vergi ödəyənlər daha aşağı dərəcə ilə, yəni bundan sonra orta dərəcə ilə, məsələn, ola bilər ki, 8-9 faiz vergi ödəsin. Eyni zamanda vergi güzəştləri problemi də birdəfəlik həll ediləcək. Məsələn, dərman preparatlarının, uşaq qidalarının, kitabların və s. Hesab edirəm ki, bu onların qiymətinin aşağı düşməsinə təsir edəcək. Həmin məhsulların ƏDV-dən azad edilməsi məsələsi tez-tez qaldırılırdı. Artıq onların vergidən tam azad olunmasından söhbət getməyəcək, amma daha aşağı faizlə vergiyə cəlb olunacaqlar. Xarici təcrübədən bəhrələnərək və Azərbaycan təcrübəsinə uyğun tətbiq ediləcək vergi sistemləri də çox təqdirəlayiqdir. Bunlar hamısı sahibkarların vergi yükünün optimallaşdırılmasına, müəyyən mənada azalmasına, yoxlamalar zamanı incidilməməsinə hesablanıb. Ancaq elə şeylər var ki, onun üçün Azərbaycanda vergi mədəniyyəti formalaşmalı, vergi ödəyiciləri və orqanları arasında səmimi münasibətlər qurulmalıdır».
Vidadi ORDAHALLI