Qorunan əmanətlərin faiz dərəcəsinin qaldırılması təklif olunur. Əmanətlərin faizi yüksələrsə, bu həm bankların, həm də əmanətçilərin işini asanlaşdırar. Eyni zamanda, bank sektoruna inam arta bilər.
Mərkəzi Bankın uçot dərəcəsini 9,5 faizə yüksəltməsindən sonra qorunan əmanətlərin faizinin 12-dən 18-ə qaldırılması zəruridir. Belə bir təklifi iqtisadçı Vüqar Bayramov səsləndirib. Onun dediyinə görə, son müflis olan 4 bankda da ən ciddi problem məhz qorunmayan əmanətlərin geri qaytarılması ilə bağlıdır: «Dollarla cəmi 3, milli valyutada yalnız 12 faizədək dividend təklif edən əmanətlərin sığortalanması banklar müflis olan zaman qorunmayan əmanətlərin məbləğini artırmaqla yanaşı, onların geri ödənilməsini, praktik olaraq, mümkünsüz edir.
Həmin əmanətlərin qorunmaması isə məhz sığortalanan əmanətlərdə dividendlərə olan limit faizi ilə bağlıdır. Rəsmi uçot stavkası artıq ikirəqəmli həddə yaxınlaşdığı üçün milli valyutada qorunan əmanətlər üzrə faiz dərəcəsinin 18 faizədək artırılmasına ehtiyac var. Bu, manatla yüksək faizli depozit saxlayanların faiz gəlirini artırmaqla yanaşı, onların qorunmasına və bank müflis olduğu halda batmasına deyil, geri qaytarılmasına gətirib çıxara bilər».
Digər iqtisadçılar qorunan əmanətlərin faiz dərəcəsinin qaldırılması təklifini fərqli qarşıladı.
İqtisadçı-ekspert Fikrət Yusifov «Bakı-Xəbər»ə açıqlamasında qeyd etdi ki, Mərkəzi Bankın uçot dərəcəsini 2,5 bənd artıraraq 9 faiə çatdırması manatın dəyərinin möhkəmlənməsinə xidmət edən bir addımdır: «İlk baxışda bu artımdan sonra banklarda olan əmanətlər üzrə faiz dərəcələrini də qaldırmaq mümkündür. Lakin məsələnin digər çətinlik yarada biləcək tərəfi ondan ibarətdir ki, banklar əmanətlərə ödənilən faizləri artırsa, deməli, verdiyi kreditlərin də faiz dərəcələrini yüksəltmək məcburiyyətində qalacaq. Çünki onlar baha cəlb etdiyi resursları ucuz sata bilməz. Bir sözlə, bu məsələnin əmanətçilər üçün müsbət olan tərəfi kredit alanlar üçün bunun əksini vəd edir. Ona görə də gəlin görək onsuz da baha olan kreditləri bir qədər də bahalaşdırmağa ehtiyac varmı? Bu səbəbdən bankların əmanətlərə görə ödədiyi faizlərin artırılması məsələsini gündəmə gətirərkən bütün reallıqları nəzərə almaq vacibdir. Ölkə iqtisadiyyatının real sektorunun banklardan ciddi dəstək gözlədiyi bir vaxtda əmanətlərə görə ödənişlərin 30 faiz artırılması elə kreditlərin də bir o qədər bahalanması demək olardı. Buna isə yol vermək olmaz».
Günel CƏLİLOVA