"2016-ci ilin ilk yarısında cəmi 22 adi ipoteka krediti verilib. Birinci rübdə 18 vətəndaşımız kredit ala bilsə də, ikinci rübdə cəmi 4 nəfər ev problemini bu yolla həll edib. Sosial ipoteka kreditlərindən faydalananlar isə ilk 6 ayda 236 mənzil ala biliblər. Dövlət büdcəsindən maliyyələşən sosial ipoteka kreditlərinin verilməsi nisbətən qrafik üzrə getsə də, adi ipoteka kreditlərin verilməsi tormozlanıb".
Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan İpoteka Fondu tərəfindən adi ipoteka kreditləri üçün əsas maliyyə mənbəyi kimi çıxış edən istiqrazların yerləşdirilməsi isə ötən ilin dekabrında baş verib. İstiqrazlar yerləşdirilmədiyi üçün adi ipoteka kreditlərinin verilməsi üçün Fond pul tapa bilməyib: "Fondun əsasnaməsinin təsdiq edilməməsi də onun fəaliyyətinin genişləndirilməsin imkan vermir. İpoteka kreditləşməsinin sosial əhəmiyyətini nəzərə alaraq, təbii ki, adi ipoteka kreditlərinin verilməsinin bərpa edilməsi çox vacibdir. Təəssüf ki, ilin bitməsinə 5 aydan az vaxtın qalmasına baxmayaraq, hələlik kreditləşmə bərpa edilməyib".
İqtisadçı qeyd edib ki, İpoteka Fondunun hesabatından bəlli olur ki, Fondun ən çox güvəndiyi bank bu yaxınlarda müflis elan edilən Zaminbank olub: "İndiyədək Fondun dəstəyi ilə 1631 ipoteka kreditini maliyyələşdirən Zaminbank bank sektorunda artıq olmasa belə və nə qədər qəribə olsa da, ipoteka kreditləşməsində liderdir. 2006-cı ildə bəri maliyyələşdirilmiş 17 997 ipoteka kreditinin 13 204-u Bakının payına düşüb".
Ekspert onu da əlavə edib ki, iopteka kreditlərinin verilməsində regional balans qorunmur: "Xanlar, Oğuz, Balakən, Sabirabad, Ucar, Ağcabədi, Salyan və Şərur rayonlarının sakinləri 10 ildə cəmi 1 dəfə ipoteka krediti ala biliblər. Bu isə ipoteka kreditləri paylaşdırılan zaman regional balansın gözlənilmədiyindən xəbər verir. Hətta rəsmi rəqəmlər də göstərir ki, Fond qısa zamanda adi ipoteka kreditlərinin bərpa edilməsi üçün yeni maliyyə mənbələri axtarmalıdır".
Milli.Az