Ötən il baş vermiş məzənnə dəyişikliyindən sonra mənzillərin satış qiyməti ucuzlaşmaqda davam edir. İstər yeni tikililərdə, istərsə də köhnə binalarda satılan mənzillərin qiyməti ucuzlaşmaqda davam edir.
Amma qiymət artımı kommersiya obyektlərində müşahidə olunur.
Mənzillərin satış qiymətinin ucuzlaşması, kommersiya obyektlərinin qiymətinin qalxması barədə fikir bildirən əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimlinin fikrincə, ötən ay daşınmaz əmlak bazarında 0,08 faiz artım müşahidə edilib. Onun sözlərinə görə, qiymət artımı kommersiya obyektlərinin hesabına baş verib: «İyul ayında kommersiya obyektlərinin qiyməti 3,6 faiz bahalaşıb. Artım əsasən struktur dəyişiklikləri ilə bağlıdır. Bazarda qiymətlər bahalaşdığından, iri obyektlərə tələbat azalıb. Əsasən orta tutumlu kommersiya obyektlərinə üstünlük verilir».
Həmsöhbətimiz onu da əlavə etdi ki, ilin əvvəli ilə müqayisədə ötən ay daşınmaz əmlak bazarında qiymətlər 25,58 faiz ucuzlaşıb. Son bir ildə isə bazarda 25,58 faiz azalma qeydə alınıb.
İqtisadçının sözlərinə görə, təkrar mənzil və torpaq bazarında da eyni tendensiya müşahidə olunur və qiymətlər ucuzlaşmaqda davam edir: «İyul ayında təkrar bazarda 2,21 faiz azalma olub. Bu sektorda ilin əvvəli ilə müqayisədə 32,76 faiz, ötən ilin həmin dövrü ilə müqayisədə isə 36,7 faiz ucuzlaşma müşahidə edilib. İyul ayında torpaq bazarında qiymətlər 0,4 faiz azalıb. İlin əvvəli ilə müqayisədə torpağın qiyməti 28,3 faiz enib. Ötən ilin iyul ayı ilə müqayisədə isə torpaqlar 30,8 faiz ucuzlaşıb».
N.İbrahimli hesab edir ki, ilin sonuna qədər qiymətlərdə artım ola bilər. Payızda isə mövsümlə bağlı daşınmaz əmlak bazarında qiymətlərin bahalaşması gözlənir.
Günel CƏLİLOVA