Azərbaycan Rusiyaya ixrac və investisiya həcmlərini artırmaq niyyətindədir. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan iclasında deyib.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir, bizim ölkələr strateji tərəfdaşdır, qarşılıqlı investisiya və mal dövriyyəsi ildən-ilə artır, bu bizi sevindirir, lakin potensialımız daha böyükdür.
Azərbaycanın Rusiyaya ixrac və investisiya həcmlərini artırması ölkə iqtisadiyyatına necə təsir edəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Xanhüseyn Kazımlı «Bakı-Xəbər»ə açıqlamasında qeyd etdi ki, hər bir dövlətin tərəqqisi onun ixracının artımı ilə bağlıdır: «Əgər Azərbaycan cəlbediciliyə malikdirsə və Rusiya kimi bir dövlətlə ixrac qabiliyyətində dönüş yaranırsa, bu müsbət haldır».
Millət vəkilinin sözlərinə görə, iqtisadi risqlərin qiymətləndirilməsi və idarə olunması ixrac potensialı ilə bağlıdır: «İqtisadi risqlərin idarə olunması istiqamətində Azərbaycan fəallığını daha da artırarsa, ixrac potensialını gücləndirərsə və investisiya əlaqələrini inkişaf etdirərsə, bu, Azərbaycan iqtisadiyyatına müsbət təsir edər».
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanın Rusiyaya ixrac həcmlərinin artırılması çox müsbət göstəricidir: «Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsulları göndərə bilər. Aqrar sahənin müxtəlif növlərində olan məhsulların həcmi artıq səviyyədə adıçəkilən ölkəyə göndərilərsə, bunun ölkə iqtisadiyyatına yalnız müsbət təsiri ola bilər. O ki, qaldı investisiyaların həcminin artımına, bu barədə onu deyə bilərəm ki, burada yalnız sərfəli məqam nəzərə alınıb iştirak etmək olar. Azərbaycan-Rusiya işbirliyi və bizimkilərin Rusiyaya investisiya yatırması çox düşündürücüdür. Ola bilsin ki, bizim investorlar Rusiyanın qiymətli kağızlarını alsın.
Həmin ölkənin qiymətli kağızları ilə dividend götürmək olar».
İqtisadçının fikrincə, Azərbaycanın Rusiyaya ixrac və investisiya həcmini artırması iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb ola bilər.
Günel CƏLİLOVA