2026-cı ilin ilk yarısında Azərbaycanda 65.2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz çoxdur. Son bir ildə neft-qaz ÜDM-i 0.7 faiz azalaraq 19.61 milyard manata düşüb, qeyri-neft-qaz ÜDM-i isə 1.5 faiz artaraq 55.59 milyard manata yüksəlib.
Ötən ay DSK bu ilin ilk beş ayında iqtisadi artımın sıfır olduğunu açıqlamışdı. Rəsmilər bu durğunluğa səbəb kimi dövlət layihələrinin gecikməsini və tikinti sektorundakı kəskin azalmanı göstərirdilər. Azərbaycanda ümumdaxili məhsul iki hissədən ibarətdir. Bunlar neft və qeyri-neft sektorudur. ÜDM-in azalmasının səbəbi də neft sektorundakı azalmadır ki, bu da qeyri-neft sektorundakı artımı da aşağı dartır. Düzdür, Azərbaycan enerji resurslarından əldə etdiyi gəlirləri düzgün idarə etməklə həm maliyyə sabitliyini təmin edib, həm də enerji ixracatçısına çevrilib. Ölkə artıq elektrik enerjisi və qaz ixrac edən dövlət kimi tanınır. Hazırda əsas strategiya yalnız ənənəvi neft-qaz resurslarının ixracı deyil, həm də alternativ enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin Avropa bazarlarına çıxarılmasıdır. Azərbaycanın planı yaxın illərdə 10 giqavatadək bərpaolunan enerji gücü yaratmaq və bu enerjinin bir hissəsini Avropaya ixrac etməkdir: BP, “Masdar” və “ACWA Power” kimi beynəlxalq şirkətlərlə milyardlarla kilovat-saat enerji istehsalını nəzərdə tutan müqavilələr bağlanıb, bir sıra layihələr artıq istismara verilib. Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri 2030-cu ilədək elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payını əhəmiyyətli dərəcədə artırmaqdır. Bu, həm ölkənin enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də Azərbaycanın Avropaya təkcə neft və qaz deyil, yaşıl enerji ixrac edən ölkəyə çevrilməsinə imkan verəcək. Belə vəziyyət ÜDM artımına da təsir edəcək. Yaşıl enerji ixracı ölkənin ümumi daxili məhsulunun artmasına müsbət təsir göstərən mühüm iqtisadi amillərdən biridir. Günəş, külək, su və digər bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin xarici bazarlara ixracı həm valyuta gəlirlərini artırır, həm də iqtisadi inkişafı sürətləndirir. İlk növbədə, yaşıl enerji ixracı ixrac gəlirlərinin artmasına səbəb olur. Xarici ölkələrə satılan elektrik enerjisi dövlət büdcəsinə və milli iqtisadiyyata əlavə maliyyə vəsaiti gətirir. Bu gəlirlər ÜDM-in əsas komponentlərindən biri olan xalis ixracın yüksəlməsinə şərait yaradır. İkinci mühüm təsir investisiyalarla bağlıdır. Yaşıl enerji sektorunun inkişafı üçün külək və günəş elektrik stansiyalarının, enerji saxlama sistemlərinin və ötürücü infrastrukturun qurulmasına böyük həcmdə investisiyalar cəlb olunur. Bu investisiyalar tikinti, sənaye və xidmət sektorlarında iqtisadi fəallığı artıraraq ÜDM-in artımına töhfə verir. Yaşıl enerji ixracı məşğulluğun yüksəlməsinə də müsbət təsir göstərir. Yeni enerji layihələri mühəndislik, tikinti, istismar və texniki xidmət sahələrində yeni iş yerləri yaradır. Əhalinin gəlirlərinin artması isə istehlak xərclərini artırır və nəticədə iqtisadi artımı dəstəkləyir.
Ramil QULİYEV