ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə artan gərginlik fonunda şənbə günü Kemp Deviddəki sığınacağında qalmasını qəfil dayandıraraq Ağ Evə qayıdıb.
AFP xəbər verir ki, əvvəlcə Trampın həftəsonunu Merilenddəki Kemp Deviddə keçirəcəyi və bazar günü Vaşinqtona qayıdacağı bildirilirdi. Administrasiya planlardakı dəyişikliyin səbəbini açıqlamayıb. Prezidentin həftəsonu səyahət cədvəli tez-tez, o cümlədən hava şəraiti ilə əlaqədar olaraq tənzimlənir.
Trampın planlarındakı dəyişiklik, Yəməndəki Husilərlə döyüşən koalisiyanın qrupun Ər-Riyada ballistik raket atdığını bildirməsindən sonra baş verib.
Bu arada, ABŞ Dövlət Departamenti və Yaxın Şərqdəki bir neçə ABŞ səfirliyi ABŞ vətəndaşlarına xəbərdarlıqlar edib. Onlar "gözlənilməz eskalasiya" ehtimalı barədə xəbərdarlıq edir və İranın dəstəklədiyi husilərin əvvəllər mülki hava limanları da daxil olmaqla Səudiyyə Ərəbistanına hücumlar həyata keçirdiklərini qeyd edirlər.
Dövlət Departamenti münaqişənin tezliklə daha geniş qarşıdurmaya çevrilə biləcəyi barədə xəbərdarlıq edib və Yaxın Şərq xaricindəki amerikalıları bölgəyə və bölgədən keçməklə səyahətlərini ciddi şəkildə yenidən nəzərdən keçirməyə çağırıb.
Tahir TAĞIYEV