Moskva meri Sergey Sobyanin bildirib ki, Moskvanın hava hücumundan müdafiə qüvvələri son 24 saat ərzində Moskvaya edilən ən böyük pilotsuz təyyarə hücumunu dəf edib.
Onun sözlərinə görə, əvvəlki gündən bəri bütün cəbhələrdə 1600-dən çox PUA məhv edilib, o cümlədən təxminən 450-si Moskvaya yaxınlaşarkən. Sobyanin iddia edib ki, genişmiqyaslı hücum seçkiləri pozmaq məqsədi ilə planlaşdırılıb.
Hücum nəticəsində Moskva Neft Emalı Zavodunun ərazisindəki bir obyektə ziyan dəyib. Başqa bir pilotsuz təyyarə paytaxtın cənubundakı Orexovı bulvarı yaxınlığındakı bir binaya zərbə endirib.
Moskva bölgəsində PUA-lar 17 şəhər rayonunun ərazisinə hücum edib. Hakimiyyət orqanlarının məlumatına görə, iki nəfər ölüb, altı nəfər yaralanıb.
Hücum səbəbindən Moskvanın dörd hava limanında - Domodedovo, Vnukovo, Şeremetyevo və Jukovskidə uçuşlar müvəqqəti olaraq dayandırılıb. Moskvada enə bilməyən 30-dan çox uçuş digər şəhərlərdəki hava limanlarına yönləndirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova isə bildirib ki, Moskva vilayətində dron hücumu nəticəsində məntəqə seçki komissiyasının sədri yaralanıb. Pamfilova qeyd edib ki, üzərinə düşən PUA-nın qalıqları onun evinə zərər vurub, pəncərələr və qapılar sıradan çıxıb, qəlpələr isə ayaqlarını yaralayıb.
Tahir TAĞIYEV