Ukrayna ordusu Moskva və Moskva vilayətinə genişmiqyaslı dron hücumu həyata keçirib. Ukrayna Baş Qərargahı bildirib ki, 19-dan 20-nə keçən gecə hücum nəticəsində Moskva Neft Emalı Zavodundakı üç bölməyə böyük ziyan dəyib. Baş Qərargah bildirib ki, Kapotnya rayonundakı Moskva Neft Emalı Zavodunda hücumdan sonra böyük yanğın baş verib.
Hərbçilər bildiriblər ki, zədələnmiş avadanlıqlar arasında AVT-6 xam neft distillə qurğusu, kompleks neft emalı qurğusu və izomerləşmə qurğusu da var.
Prezident Zelenski də, konkret obyektin adını çəkmədən, Rusiyanın Moskva bölgəsindəki əsas neft sənayesi zavodlarından birinə zərbə endirildiyini bildirib.
Moskva Neft Emalı Zavodu, Moskvanın Kapotnya rayonunda yerləşən Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Zavodun illik gücü təxminən 12 milyon tondur. Zavod Moskvanın yanacaq bazarının təxminən 40%-ni və Moskva bölgəsinin benzin və aviasiya qazına olan tələbatının 70%-ni təmin edir. Ukrayna Baş Qərargah qeyd edib ki, zavod Rusiya silahlı qüvvələrinin təchizatı ilə məşğuldur.
Bundan əlavə, müdafiə qüvvələri Zaporojye vilayətindəki Ukrainka yaxınlığında Rusiyanın Buk-M3 hava hücumundan müdafiə sistemini, 19 sentyabrda və 19-dan 20 sentyabra keçən gecə isə Donetsk vilayətindəki Balka yaxınlığında Nebo-U radar stansiyasını vurub. Luqansk vilayətində işğal altındakı Siverskodonetsk yaxınlığında Rusiyanın dron istehsal sahəsinə də zərbə endirilib.
Tahir TAĞIYEV