İran müharibəni dayandırmaq üçün şərtlərini ABŞ-a çatdırdıqdan sonra bütün diqqətlər Prezident Donald Trampın qərarına yönəlib. “Fox News” danışan Tramp, İranla bağlı hansı addımı atacağına qərar vermə prosesində olduğunu deyib: "Qərar qəbul etmə mərhələsindəyəm və çox da uzaq olmayan gələcəkdə çox böyük hadisələr baş verəcək".
ABŞ prezidenti İranla bağlı üç variantının olduğunu bildirib: "Üç seçimim var: İranı məhv etmək, iqtisadi cəhətdən çökməsinə icazə vermək və ya razılaşma əldə etmək".
Tramp həmçinin Tehran rejiminə müraciət edərək, "özlərini yaxşı aparsalar yaxşı olar" deyib.
İrana qarşı ritorikasına davam edən Tramp, ölkəyə qarşı başqa bir hücum ehtimalı ilə bağlı aşağıdakı açıqlamaları verib: “Sualım budur: Bütün İranı partlatacağammı, əgər belədirsə, nə vaxt? Yaxşı olar ki, özlərini yaxşı aparsınlar”.
Trampdan həmçinin bu həftə başlayacaq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının yüksək səviyyəli iclasları zamanı İran prezidenti Məsud Pezeşkianla görüşüb-görüşməyəcəyi soruşulub. Tramp Pezeşkianla görüşməyə "çox güman ki, açıq" olduğunu deyib.
İran Vaşinqtonla danışıqların bərpası üçün yeddi şərtini Qətər vasitəsilə ABŞ-a çatdırmışdı. İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Möhsün Rzayi bütün şərtləri ictimaiyyətlə bölüşməsə də, Tehranın Tramp administrasiyasından cavab gözlədiyini bildirib.
O, danışıqlar üçün təqdim edilən yeddi şərtə əlavə olaraq, İranın müharibəyə son qoymaq üçün üç tələbini "bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, dondurulmuş İran aktivlərinin azad edilməsi və ABŞ-ın dəniz blokadasının qaldırılmasını" da qeyd edib.
Tahir TAĞIYEV