Azərbaycan qanunlarına görə, biznesin ölçüsündən asılı olaraq, sahibkarlar dörd qrupa bölünür – mikro, kiçik, orta və iri sahibkarlar. Mikro sahibkarlar qrupuna işçilərinin orta siyahı sayı 10 nəfərədək, illik gəliri 200 min manatadək olan sahibkarlar aid edilir.
Kiçik sahibkar dedikdə, işçilərinin sayı 11 nəfərdən 50 nəfərədək, illik gəliri 200 min manatdan 3 milyon manatadək olanlar nəzərdə tutulur. Orta sahibkar kateqoriyasına aid edilməkdən ötrü sahibkarlıq subyektinin işçi sayı 51-250 nəfər, illik gəliri isə 3-30 milyon manat arasında olmalıdır. İri sahibkarlıq subyekti hesab edilmək üçünsə işçi sayı 251 nəfərdən, illik gəlir isə 30 milyon manatdan çox olmalıdır.
Dövlət Statistika Komitəsinin 2021-ci ilin ilk yarısını əhatələyən göstəricilərinə əsasən, ölkədə 143 min 928 sahibkarlıq subyekti fəaliyyət göstərir. Hazırda mikro sahibkarlıq subyektlərinin sayı 133 min 844-ə bərabərdir. Yəni ölkədəki hər 100 sahibkarlıq subyektindən 93-ü mikro sahibkardır. Bu ilin altı ayının nəticələrinə görə, ölkədə kiçik sahibkarlıq subyektlərinin sayı 6 min 284, orta sahibkarlıq subyektlərinin sayı 2 min 659, iri sahibkarlıq subyektlərinin sayı isə 601-dir.
Diqqəti çəkən məqam odur ki, illik gəliri 30 milyon manatdan çox olan şirkətlərin sayı son bir il ərzində 11 faiz azalıb. Belə ki, ötən ilin iyulunda iri sahibkarlıq subyektlərinin sayı 673-ə bərabər idisə, hazırda onların sayı 601-dir. İqtisadiyyat üçün bu heç də yaxşı hal deyil. İri sahibkarların sayı niyə azalır? Bunun kökündə dayanan problemlər nə ilə bağlıdır?
“Bu gedişlə qeyri-neft sektorunun inkişafında ciddi uğurların əldə olunması real görünmür”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifovun fikrincə, iri sahibkarların sayının azalma səbəbi araşdırılmalıdır: “Çünki iri sahibkarlıq subyektlərinin sayının 1 il ərzində 11 faiz azalması iqtisadiyyatda mənfi tendensiyadan xəbər verir. O baxımdan bu, heç cür xoşagələn hal deyil. Əksinə, daha düşündürücü və ciddi bir haldır. O üzdən, bunun səbəbləri araşdırılmalıdır. Müəyyən edilməlidir ki, azalma hansı səbəbdən baş verib. Bunun üçün bizdə kifayət qədər dövlət strukturları, institutlar var. Onların bilavasitə vəzifəsidir ki, azalmanın səbəblərini araşdırsınlar və xalqa hesabat versinlər. Azalmaya səbəb olan amillərin aradan qaldırılması üçün ən zəruri tədbirlər görülməlidir. Çünki bütövlükdə ölkə iqtisadiyyatının yeni əsaslar üzrə inkişafından söhbət gedirsə, o zaman iri sahibkarların sayının hansı səbəbdən azalması bəlli olmalıdır. Ölkədə real sektorun sürətli inkişafından söhbət gedirsə, o zaman iri sahibkarların sayının bir il ərzində nəzərəçarpacaq dərəcədə azalması anormal haldır. Bu gedişlə qeyri-neft sektorunun inkişafında ciddi uğurların əldə olunması rel görünmür. Görünən odur ki, ortada çox ciddi problemlər var”.
Professor hesab edir ki, bu kimi problemlərin köklü səbəblərini ortaya çıxarmaq üçün iqtisadiyyatda şəffaflıq olmalıdır.
Vidadi ORDAHALLI