Son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı və əhalinin düyüyə olan tələbatının ödənilməsi istiqamətində əhəmiyyətli tədbirlər görülüb, müsbət nəticələr əldə olunub. Başlıcası isə sahəyə dövlət dəstəyi daha da gücləndirilib, fermerlərin çəltik istehsalına marağı artıb.
Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu baxımdan atılan mühüm addım sayılmalıdır. Bu proqram, eyni zamanda, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məramına xidmət edir.
Qeyd edək ki, pandemiya bir sıra Asiya ölkələrində çəltik istehsalına mənfi təsir göstərib. Bu səbəbdən həmin ölkələrdə sözügedn məhsul istehsalında azalma var. Ancaq həmin ölkələrdən fərqli olaraq, Azərbaycanda çəltik istehsalı azalmayıb. Açıqlanan statistik rəqəmlərə əsasən, Azərbaycanda 2019-cu ildə 4.04 min hektar sahədə çəltik əkilib. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunur ki, ölkədə çəltik əkini 2015-ci illə müqayisədə 3.4 dəfə artıb: "2019-cu ildə çəltik istehsalı 12.0 min ton olub. Bu isə 2015-ci illə müqayisədə 4.1 dəfə çoxdur. 2019-cu ildə çəltik istehsalının 85%-i 5 rayonun (Lənkəran, Ağdaş, Ucar, Zərdab, Astara) payına düşüb. Çəltiyin məhsuldarlığı 2019-cu ildə 29.9 sent/ha olub. 2019-ci ildə Zərdab, Astara, Lənkəran, Masallı, Ağdaş, Göyçay rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub. 2019-cu ildə natural ifadədə düyü idxalı əvvəlki ilə nəzərən 2.3% azalaraq 48.7 min ton olub".
“Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər”
İqtisadçı-ekspert Mircavid Həsənovun sözlərinə görə, bu il də Azərbaycanda su problemi yaşanır: "Təkcə düyü deyil, bu il qarğıdalı əkinləri də azalıb. Çünki bunların suya tələbatı çoxdur. Ümumiyyətlə, bütün çayların sululuğu azalıb, su qıtlığı var. Digər tərəfdən, bizdə çəltik təsərrüfatları əsasən cənub zonasındadır və bu zonada düyü istehsalına maraq da getdikcə azalır, çünki çox əziyyətli işdir. Bunun biçini üçün texnika olmalıdır və s. Bizdə bu iş əl ilə görülür".
Həmsöhbətimiz onu da əlavə etdi ki, xaricdə düyünün maya dəyəri çox aşağı başa gəlir: "Ona görə də düyü bizə ucuz qiymətə gəlir. Məsələn, Astara düyüsü Bakıda hər yerdə satılmır, müəyyən yerlərdə olur. Bizim düyümüz çox keyfiyyətlidir. Qiyməti də bahadır. Adi düyü 2 manatdırsa, Astara düyüsünü 10 manatdan aşağı almaq olmur. Bazar boş qala bilməz, ona görə avtomatik idxal artır. İranda düyü çox ucuz qiymətə satılır. Düyü istehsalına da ciddi dəstək mexanizmi olarsa, fermerlər buna maraq göstərəcəklər”.
Günel CƏLİLOVA