İtaliyanın dünyaca məşhur "Milan" klubunun aylardır gözlənilən satışı rəsmiləşib. Baki-xeber.com xəbər verir ki, Silvio Berluskoni ailəsinə məxsus İtaliyanın holdinq şirkəti klubun səhmlərinin 99,9 faizini çinli səhmdarlara satıb.
Bunula da klubda artıq 30 illik Berluskoni dövrü rəsmən başa çatıb. "Milan" çinlilərin qurduğu “Rossoneri Sport İnvestment Lux” şirkətinə satılandan sonra Berluskoni başda olmaqla bir çox rəsmi şəxsin də klubla əlaqələri tam kəsiləcək.
Klubun yeni prezidenti sərvəti 600 milyon avro olan çinli iş adamı Yonghong Li olacaq. Satışın təxminən 800 milyon avroya başa gəldiyi bildirilir. Bura "qırmızı-qaralar"ın borcları da daxildir. "Milan"ın yeni rəhbərləri klubun Səhmdarlar Şurasının aprelin 14-də keçiriləcək iclasında seçiləcəklər.
Qeyd edək ki, "Finninvest" şirkəti "Milan"ı 1986-cı ildə alıb. Həmin vaxtdan klub 8 qat İtaliya çempionu, ölkə kubokunun sahibi, Superkubokun 6 qat sahibi, Avropa Çempionlar Kubokunun (Çempionlar Liqasının) və UEFA Super Kubokunun 5 qat qalibi olub, Qitələrarası Kuboku və klublararası dünya çempionluğunu qazanıb. Hazırda "Milan" İtaliya A Seriyasında 31 turdan sonra 6-cı pillədə qərarlaşıb.