“Artıq bütün problemlərim həll olunub, Bolqarıstana qayıtmağa hazırlaşıram”. Bu sözləri apasport.az saytına müsahibəsində Bakının “İnter” klubunun keçmiş prezidenti Georgi Nikolov deyib.
Bolqarıstanlı futbol funksionerinə Azərbaycandan çıxmağa icazə verilib.
Məsələ ilə bağlı danışan Nikolov bu həftə ölkəsinə yola düşəcəyini deyib: “Bilet ala bilsəm, cümə axşamı, bilet olmasa, cümə günü Bakıdan ayrılacam. Problemi necə həll etməyimlə bağlı danışmaq istəmirəm. Əsas odu ki, məsələ müsbət həllini tapdı və Bolqarıstana qayıdıram. Azərbaycanı tərk etdikdən sonra öz işlərimlə məşğul olacam. Hələ heç nə açıqlamaq fikrim yoxdu. Gələcəklə bağlı plan qurmağı xoşlamıram”.
Bir müddət əvvəl sağlamlığı ilə bağlı problemlə üzləşən Nikolov bu məsələyə də toxunub: “Tam tibbi müayinədən keçməliyəm. Hər şeyin yaxşı olacağına ümid edirəm”.
Qeyd edək ki, “İnter”in sponsoru olmuş "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin keçmiş sədri, həmçinin klubun sabiq fəxri prezidenti Cahangir Hacıyev və digərləri barəsində cinayət işi ilə əlaqədar Nikolovun Azərbaycandan çıxışına qadağa qoyulmuşdu.