Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Protez-Ortopedik Bərpa Mərkəzində və Mərdəkan Müalicə Pansionatında olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Bakı Xəbər”ə verilən məlumata görə, S.Babayev Mərkəzdə əlilliyi olan şəxslərin sağlamlığının bərpası yönündə aparılan işlərlə tanış olub.
Nazir müəssisədə bərpa müalicə kursu keçən əlilliyi olan şəxslərlə görüşüb, göstərilən reabilitasiya xidmətləri ilə bağlı onların fikirlərini öyrənib. Əlilliyi olan şəxslər onlar üçün müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılmasına, onların sağlamlığının bərpasına göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
S.Babayev reabilitasiya işlərinin səmərəli təşkili, bu sahədə mütərəqqi dünya təcrübəsində mövcud olan və konkret nəticələr əldə etməyə imkan verən bərpa müalicə proqramlarının tətbiqi, reabilitasiya səviyyəsinin artırılması üçün səylərin gücləndirilməsi, bərpa müalicəsinə cəlb olunan hər bir əlilliyi olan şəxsə diqqət və qayğı ilə yanaşılması və s. barədə tapşırıqlarını verib.
Sonra nazir Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanması sexinin qurulması işlərini nəzərdən keçirib. Sexdə müasir tələblərə uyğun şərait yaradılmaqla, dünyanın qabaqcıl şirkətlərinin son texnologiyalar əsasında istehsal etdikləri avadanlıqlar alınaraq quraşdırılıb. Hazırda sexin yaradılması işləri tamamlanmaq üzrədir. Nazir Mərkəzin istehsal sahəsi, burada protez-ortopedik məmulat və reabilitasiya vasitələrinin hazırlanması prosesi ilə yaxından tanış olub, müvafiq tapşırıqlarını verib.
S.Babayev Nazirliyin Mərdəkan Müalicə Pansionatında olarkən müəssisədə aparılan əsaslı təmir və yenidənqurma işlərinin daha keyfiyyətlə yerinə yetirilməsini, əlilliyi olan insanlar üçün müasir standartlar səviyyəsində reabilitasiya şəraitinin yaradılmasını tapşırıb.
Baki-xeber.com