Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir avadanlıq quraşdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub. Binada Heydər Əliyev muzeyi yaradılıb. Muzeydəki müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr də var.