Prezident İlham Əliyev mayın 4-də “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak və çıxış edib. Dövlət başçısı deyib ki, bizim sosial siyasətimiz gözəl nəticələr verir və sosialyönümlü addımlar bundan sonra da atılacaq.
“Xızı şəhərində içməli su problemi həmişə insanları narahat edirdi. Artıq bu məsələ öz həllini tapıb... Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilmişdir, Xızıda da həmçinin. Mənim əvvəlki gəlişimdə burada Mərkəzi Rayon Xəstəxanası açılmışdır, gözəl, müasir binadır. Rayonda 10-na yaxın məktəb tikilmişdir, infrastrukturla bağlı olan digər layihələr icra edilir, qazlaşdırma 90 faizdən çoxdur. Demək olar ki, artıq bütün yaşayış məntəqələri qazla təmin olunub. Əminəm ki, gələcək dövrdə Xızıda qazlaşdırma 100 faizə çatacaq. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, indi Xızı rayonu bizim ümumi enerji sistemimizi böyük həcmdə elektrik enerjisi ilə təmin edəcək. Yeni Yaşma Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır, yoldan keçəndə də bunu görmək mümkündür...”.
Xızının və ümumilikdə, bütün ölkənin sosial problemlərinin sürətlə həll edildiyini deyən Prezident başqa ölkələrin bu sarıdan çox çətinliklər yaşadığını xatırladıb: “İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib”.