Ermənistanın Respublika partiyasının parlament fraksiyasının başçısı Baqram Baqdasaryan Paşinyana dəstək verə biləcəklərini ifadə edib.
O deyib ki, partiya digər fraksiyalardan səs çoxluğu almış namizədə səs verməyə hazırdır. “Bizim öz namizədimiz olmayacaq. Deputatların 3/1-nin səsini qazanmış namizədin baş nazirliyini dəstəkləyəcəyik”- o deyib. Nəzərə alınsa ki, erməni parlamentində 105 deputat təmsil olunur, Baqdasaryanın vədi 35 deputat səsi deməkdir. Bu say isə Paşinyan üçün problemli görünmür. Belə ki, elə təkcə “Tsarukyan bloku” 31 səslə onun arxasındadır. Paşinyanın namizədliyini irəli sürən “Yelk” fraksiyası isə parlamentdə 9 səsə malikdir. Beləliklə, 8 mayda Paşinyanın baş nazirliyə təsdiqlənməsi gözlənilən sayılır.
Lakin burada bir nüansı nəzərdən qaçırmamaq lazımdır. Bu da Tsarukyanın özünün baş nazirliyə iddialı olmasıdır. Bu baş verərsə, “Çiçəklənən Ermənistan” partiyasının liderini parlamentdə 9 səslə təmsil olunan “Daşnaksutyun” partiyası da dəstəkləyə bilər ki, bu da Paşinyanın “göyərtə xaricində” qalmasına gətirər. Əslində ekspertlər son günlər bu variantın üzərində daha çox dayanır və səbəbi də Qarabağ məsələsilə izah edirlər. Bildirilir ki, aprelin 13-dən xalqı hərəkata qaldırmağı bacaran Paşinyan bütün bu müddət ərzində etdiyi çıxışlarda Qarabağ mövzusuna bir dəfə də toxunmayıb. Bu isə onun sözügedən münaqişə ilə bağlı konsepsiyasının olmamasından, hətta problemin detalları ilə bağlı məlumatsızlığından xəbər verir. Elə bu da artıq bir çoxlarını Paşinyanı dəstəkləmək kursundan çəkindirməyə başlayıb. Nəzərə alsaq ki, erməni xalqı artıq müharibədən yorulub və Azərbaycanla qüvvələr nisbətinin ölkəsinin xeyrinə olmadığını bütün çılpaqlığı ilə dərk edir, onun bu münaqişəni sona çatdırmaq əzmində və gücündə olan namizədə stavka edəcəyi şəksizdir. Bu situasiyada isə Paşinyanı qələbənin gözlədiyini demək bir qədər çətin görünür.
SAMİRƏ