Ermənistan parlamentinin deputatları müxalif lider Nikol Paşinyanın baş nazirliyinə dəstək verməyib.
Baki-xeber.com-un xəbərinə görə, onun lehinə cəmi 45 deputat səs verib, baş nazir seçilməsi üçün isə ona 53 səs dəstək verməli idi. Xəbərə görə, Paşinyan həm də bu posta yeganə namizəd kimi irəli sürülüb. Onun barəsində ikinci səsvermə sonrakı 7 gün ərzində keçirilməlidir. İkinci cəhd də nəticə verməzsə, parlament buraxılmalıdır.
Xəbərdə o da deyilir ki, Paşinyanın əleyhinə hakim Respublika partiyasının fraksiyası səs verib. “İnterfaks”ın xəbərinə görə, müxalif lider deyib ki, respublikaçılar belə mövqe tutmaqla özlərini məhv edirlər. O, müxalifətin “qələbəyə qədər” mitinqləri davam etdirəcəyini deyib.
Xatırladaq ki, parlamentdə Paşinyanın namizədliyini “Yelk” fraksiyası irəli sürüb ki, o da parlamentdə cəmi 9 səsə malikdir. Eyni zamanda “Daşnaksutyun” partiyası da 7 səslə onu dəstəkləməyə söz verib. “Tsarukyan” bloku isə 31 səslə Paşinyanın arxasındadır. Beləliklə, respublikaçılardan cəmi 6 səs ala bilərsə, onun qələbəsi təmin olunar.
Onu da bildirək ki, Paşinyan baş nazir postuna müvəqqəti seçilməsini istəyir, bunun ardınca isə “razılıq hökuməti” qurmaq niyyətindədir.