Uzun müşahidələrdən sonra Rusiya prezidenti Vladimir Putin İrəvanda baş verən hadisələrə reaksiya verib.
Baki-xeber.com-un erməni mətbuatına istinadən xəbərinə görə, Putin Karapetyana zəng edib. Bu barədə Kremlin saytında yer alan məlumatda deyilir ki, Ermənistandakı böhran vəziyyəti sırf hüquqi müstəvidə, həm də 2017-ci ildə keçirilmiş “legitim parlament seçkilərinin nəticələrinə uyğun” həllini tapmalıdır. Ermənistanda isə bu formulirovka qıcıq yaradıb və ölkənin daxili işlərinə qarışmaq cəhdi kimi xarakterizə olunub, çünki 2017 seçkilərini legitim saymaq hələlik hakim Respublika partiyasına birbaşa dəstək deməkdir.
Bu arada isə bəlli olub ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev gizlicə Ermənistanı ziyarət edib və məhz bu səfərin ardından hakim partiya cəsarətlənərək özünün baş nazirliyə namizədini müzakirə etməyə hazır olduğunu bildirib. Öz növbəsində Sarkisyanın fraksiya ilə görüşü və partiya sədrliyini tərk edəcəyini deməsi də bu “inkoqnito” səfərlə əlaqələndirilir.
Bu kontekstdə XİN rəhbəri Edvard Nalbandyan və vitse-premyer Armen Gevorkyanın Moskvaya qəfil səfəri də xüsusi diqqət çəkir. Maraqlıdır ki, onların Kreml administrasiyası ilə görüşməsini Kremlin sözçüsü Dmitri Peskov təsdiqləməsə də, bundan bir neçə saat sonra Putin Karapetyana zəng edib.
Bütün baş verənlər isə düşünməyə əsas verir ki, Moskva İrəvanı özbaşına buraxmaq niyyətində deyil və hadisələr bir mərkəzdən idarə olunacaq. Ən azı bundan sonra...