İrəvanın mərkəzi respublika meydanında – hökumət evinin qarşısında mitinq keçirən müxalifət nümayəndələrinin kütləvi həbsi başlayıb.
Baki-xeber.com-un erməni saytlarına istinadən xəbərinə görə, artıq 17 nəfər gözaltına alınıb.Xəbərə görə, əraziyə əlavə polis qüvvələri cəmlənir. Nümayiş iştirakçılarının həbsi davam edir. Aksiya iştirakçıları üçüncü hökumət binasının qarşısını bağlamağa çalışır. Polis rəisinin müavini general Samvel Ovannisyanın hadisə yerinə gəldiyi bildirilir. Bunun ardından polis hökumət binasının girişini müxalifətçilərdən təmizləyib, nazirlik və digər qurumların əməkdaşları yalnız bundan sonra iş yerlərinə keçə bilib.
Xatırladaq ki, aprelin 14-dən etibarən eks-prezident Serj Sarkisyanın Baş nazir olmasına etiraz edən kütlə küçələrə çıxaraq paytaxt İrəvanın mərkəzi küçələrində barrikadalar qurur, nəqliyyatın hərəkətini iflic edir. Aksiyalara rəhbərlik edən “Vətəndaş sazişi” partiyasının lideri Nikol Paşinyan aksiyaları gecə-gündüz davam etdirəcəklərini bildirib. Sarkisyan isə Baş nazir postuna əyləşərək artıq kabinetin ilk iclasını da keçirib və belə görünür, qan tökülsə belə, bu postdan imtina etmək fikri yoxdur.
Onu da xatırladaq ki, Serj Sarkisyan Ermənistan prezidenti postina da qan üzərindən gəlmişdi.
Aksiya davam edir.