Bu gün səhər saatlarından müxalifət nümayəndələri İrəvanda Hökumət evinin qarşısındakı Respublika meydanına toplaşmağa başlayıb.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, bu gün Hökumət evində Sarkisyanın sədrliyilə yeni hökumətin ilk iclası keçiriləcək. Ötən gün axşam etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan tərəfdarlarını binanı blokadaya almağa və nazirləri binaya buraxmamağa çağırıb.
Xəbərə görə, iclas saat 11-də başlayacaq, saat 10-a buraya 50-yə yaxın etirazçı toplaşıb. Hələlik etirazçılar qarşı küçədə mövqe tutub və binanı blokadaya almağa tələsmir. Paşinyan toplaşanlara deyib ki. hələlik burada qalmaq niyyətindədir, “sonrakı plan isə gün ərzində bəlli olacaq”. O bir daha deyib ki, məsələnin dinc həllinə tərəfdardır.
Xəbərdə o da deyilir ki, ötən günlər ərzində şəhərdə gücləndirilən təhlükəsizlik tədbirləri qismən yumşaldılıb və paytaxtın əsas küçələrindən polis BTR-ləri yığışdırılıb.