BMT Baş katibi Antoniu Quterreş ABŞ, İngiltərə və Fransanın Suriyanı vurmasını şərh edib.
Baki-xeber.com-un xəbərinə görə, Quterreşin verdiyi açıqlamada tərəflər BMT Nizamnaməsi çərçivəsində hərəkət etməyə çağırılır.
“Mən ABŞ, Britaniya və Fransanın Suriyaya vurduğu aviazərbələr barədə məlumatları diqqətlə dinləyirəm və bildirirəm ki, söhbət sülh və təhlükəsizlikdən gedirsə, bütün addımlar BMT Nizamnaməsi və ümumən beynəlxalq hüququn verdiyi imkanlar çərçivəsində atılmalıdır” o deyib. Quterreş üç ölkənin hücum planını qınamasa da, BMT Təhlükəsizlik Şurasının sülhün təmin olunmasında məsul olduğunu xatırladıb.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov isə baş verənlərin “cavabsız qalmayacağı” barədə xəbərdarlıq edib.
Bütün məsuliyyətin Vaşinqton, London və Paris üzərində olduğunu deyən səfir bildirib ki, Rusiya prezidentinin təhqir olunması yolverilməzdir. “Ən böyük kimyasal silah arsenalı ABŞ-dadır və bu səbəbdən onun başqa ölkələri günahkar çıxarmağa mənəvi haqqı yoxdur” o deyib.
Xatırladaq ki, aprelin 13-də axşam saatlarında ABŞ prezidenti Donald Tramp Suriya rejiminin kimyasal hücumuna qarşılıq olaraq vurulması barədə əmr verib. Əməliyyata İngiltərə və Fransa da qoşulub.