ABŞ, İngiltərə və Fransa Əsədin kimyasal hücumuna cavab olaraq Suriyaya qarşı hərbi əməliyyata başlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə verdiyi açıqlamada bəyan edib. Dəməşq rejiminin dinc əhaliyə qarşı kimyasal hücumuna cavab olaraq Amerika ordusuna hücum əmri verdiyini deyən Tramp İngiltərə və Fransa ilə artıq Suriyada hərbi əməliyyatın başlandığını bəyan edib və hər iki ölkəyə verdikləri dəstəyə görə təşəkkür edib. Əsədin bir il öncə də dinc əhaliyə qarşı kimyasal hücum düzənlədiyini xatırladan Tramp o zaman ABŞ-ın “Suriya rejiminin hava gücünün yüzdə iyirmisini yox etdiyini “ deyib.
Duma şəhərində bir çox məsum insanın həyatını itirdiyini deyən ABŞ prezidenti Əsədin bu addımını “bir canavarın işlədiyi suç” adlandırıb və bildirib ki, bugünkü hücum Əsədi bu cür suçlardan çəkindirincəyə qədər davam edəcək.
Tramp açıqlamasında Əsəd rejiminə dəstək verən İran və Rusiyaya mesaj verməyi də unutmayıb və qadın, uşaq demədən hər kəsin qətlinə fərman verə bilən birinə dəstək verməyi anlamadığını dilə gətirib. Hələ 2013-cü ildə Rusiyanın Suriya rejiminin kimyasal hücum niyyətinə əngəl olacağını bildirdiyini xatırladan Tramp Moskvanı “bu qaranlıq yolda davam etmək, ya da mədəni millətlər arasında yer tutmaqla bağlı” qərar verməyə çağırıb.
Bu arada İngiltərə Baş naziri Tereza Mey də Əsəd rejiminə hücumla bağlı açıqlama verib. O deyib ki, rejimin kimyasal hücumuna qarşılıq verməkdən ötrü hərbi gücdən istifadənin alternativi yoxdur və Əsədi ancaq bu yolla durdurmaq olar.