Rusiyanın “MİR 24” telekanalı Azərbaycanda keçirilmiş prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsinə reportaj həsr edib. Trend-in məlumatına görə, reportajda deyilir ki, seçkilərin gedişatını 800-dən çox beynəlxalq müşahidəçi, o cümlədən MDB-dən 200 müşahidəçi izləyirdi.
MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev telekanala müsahibəsində vurğulayıb ki, müşahidəçilər seçkilər prosesində heç bir pozuntu aşkar etməyib: “Biz həm Bakıda, həm də regionlarda seçkiyə hazırlıqları və səsvermə prosesini müşahidə etmişik. Şəxsən mən 10-dan çox məntəqədə oldum. Bizim təəssüratlarımız: seçkilər yaxşı təşkil olunmuşdu və intizamla keçdi”.
Reportajda bildirilir ki, Qərb müşahidəçiləri, xüsusilə də AŞ PA Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə yaxşı hazırlıq səviyyəsini qeyd edib: “Yerli MSK bu qiymətləndirmədən razı qalıb. Heç bir pozuntu olmayıb. Bütün gecə komissiya üzvləri bülletenləri sayıblar. İlham Əliyev öz rəqiblərinə heç bir şans verməyib – 86 faiz səs ona verilib”.
Reportaj daha sonra Bakı küçələrinə keçir. Burada vətəndaşlar İlham Əliyevin qələbəsini qeyd etmək üçün toplaşır: “Seçki günü sabitlik bayramına çevrildi – bu ifadə Dənizkənarı Parkda səsləndirildi. Həmin bulvarda ki, burada hər il iki milyon turist gəzişir. Bu, 15 il əvvəl olduğundan 3 dəfə çoxdur”.
Reportajda qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Puitin İlham Əliyevə zəng edərək onu inamlı qələbə münasibətilə təbrik edib: “Rusiyalı liderin sözlərinə görə, inamlı qələbə yalnız bir şeyi ifadə edir: əhali öz liderinin siyasətini dəstəkləyir”.