Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin nəticələri açıqlanıb. Trend xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev səslərin 3,02 faizini; öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3,11%; Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb".
O bildirib ki, seçkilərdə 5 332 817 seçicidən 3 962 123-ü səs verib. Sayılmış bülletenlərin sayı 3 962 096-dır.