Avropa İttifaqı Regional Komitə üzvlərinin müşahidə missiyası hesab edir ki, Azərbaycanda aprel ayının 11-də keçirilən prezident seçkiləri legitimdir. Trend-in məlumatına görə, missiyanın üzvü, Estoniyadan olan beynəlxalq müşahidəçi Marf Vorklayev bu gün keçirdikləri brifinqdə deyib.
Müşahidəçi bildirib ki, seçkilər dinc, şəffaf və rəqabətlilik mühitində keçirilib. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib. Seçkinin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir: "Seçki başa çatdıqdan sonra müşahidə missiyasının üzvləri 3 məntəqədə yekun səslərin sayılmasını izləyiblər. Səslərin sayılması prosesini digər müşahidəçilər də heç bir məhdudiyyət olmadan izləyə biliblər. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilməyib".
M.Vorklayev qeyd edib ki, seçkidə seçici fəallığı yüksək olub, səsvermə prosesi texniki və təşkilatı baxımından yaxşı təşkil edilib: "Müşahidə qrupumuzun səfər etdiyi demək olar ki, bütün məntəqələrdə səsvermə prosesinin onlayn izlənməsi üçün şərait yaradan veb kameralarla təmin edilib".