ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını tamamilə dəstəkləyir. Trend-in məlumatına görə, bunu Birləşmiş Ştatların dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisinin müavini Bricit Brinki Bakıda mətbuat konfransında deyib.
B.Brinki qeyd edib: "Münaqişə 20 ildən çoxdur ki davam edir. Bu, böyük müddətdir. Bildiyiniz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni müzakirə etmək üçün Bakıdadırlar".
O bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bunun üçün tam dəstək göstərir.
“ABŞ Azərbaycanla ticarət münasibətlərinin genişləndirilməsində maraqlıdır”. Bunu da B.Brink deyib. Azərbaycan rəsmiləri ilə aparılan danışıqlar prosesinə toxunan B.Brink bildirib ki, tərəflər regional məsələləri, o cümlədən, Azərbaycanın regional nəqliyyat habına çevrilməsini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycanla Birləşmiş Ştatlar arasında ticarət dövriyyəsi 2017-ci ilin yekunu üzrə 781,8 milyon dollar təşkil edib. Bunun 720,5 milyon dolları ABŞ məhsullarının idxalının payına düşür.