“Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınmasına 2018-ci ilin birinci yarısının sonunda başlanılacaq”. APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Gürcüstanın İctimai televiziyasına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir və turistlər üçün maraqlı olan şəhərləri əhatə edir: “Əminəm ki, bu yol həm sərnişinlər, həm də yüklərin daşınması üçün cəlbedici olacaq”.
A.Arslan qeyd edib ki, BTQ-nin bir çox üstünlükləri var və dəmir yolu nəqliyyat xərclərini və yüklərin daşınma müddətini azaldır.
“Türkiyə-Azərbaycan-Gürcüstan iş birliyi çox önəmlidir”. Bu barədə də Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri deyib. Nazirin sözlərinə görə, hər üç ölkə Avropa və Asiya arasında yük daşınmaları sahəsində orta dəhlizi canlandırmaq üçün işlər görür: “Orta dəhlizi daha effektiv hala gətirməklə, ölkələrin iş birliyi xalqların rifahı və iqtisadi inkişafın əldə olunmasına yönəlib”.
A.Arslan deyib ki, üç ölkə ortaq dəhlizin daha cəlbedici olması və onun dünya yük daşınmalarında daha böyük üstünlüklərə malik olması üçün iş birlikləri həyata keçirilir: “İpək yolu” forumu çərçivəsində keçirilən görüşlərdə bir çox ölkələrin nümayəndələri də Türkiyə, Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayıblar”.