İslam dünyası Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyini göstərməkdə davam edəcək. Trend-in məlumatına görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.
Diplomat deyib: “İslam dünyasının bütün ölkələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləyir və bu dəstəyi bundan sonra da davam etdirəcək. Bu faciənin ilk günündən Əfqanıstan Azərbaycanın yanında olub. Həmin dövrdən Əfqanıstan müxtəlif təşkilatlar çərçivəsində Azərbaycanla vahid mövqedən çıxış edib. Biz beynəlxalq terrorçuluğa qarşıyıq və terrorun istənilən növünü pisləyirik”.
Əfqanıstan yük daşımaları üçün BTQ dəmir yolundan istifadə edə biləcək
“Azərbaycan və Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə birgə işçi qrupu yaradacaq”. Bunu da Əfqanıstanın Azərbaycandakı səfiri deyib. Səfir qeyd edib ki, işçi qrupunun birinci iclası gələn ilin əvvəlində keçiriləcək.
O xatırladıb ki, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında dəmir yolu dəhlizinin yaradılması ilə bağlı sənəd imzalanıb: “Bu layihə vasitəsilə Əfqanıstan Türkmənbaşı və Batumi limanları, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı vasitəsilə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edə biləcək”.
Əfqanıstan Azərbaycana …minnətdardır
Əfqanıstan Azərbaycana bu ölkədə sülhməramlı missiya çərçivəsində hərbi kontingentin artırılması qərarına görə minnətdarlığını bildirir. Bunu da Məhəmməd Tağı Xəlili deyib.
Səfirin sözlərinə görə, bu qərar onu göstərir ki, Azərbaycan təkcə Əfqanıstanda deyil, bütün dünyada sülhün bərqərar olunmasında maraqlıdır.
Səfir həmçinin xatırladıb ki, iki ölkə arasında əldə olunmuş sazişə əsasən əfqanıstanlı hərbçilər Azərbaycanda təlimlər keçəcək.