Dağıstanın Məhərrəmkənd rayonunda iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnən atışma baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Интерфакс” agentliyi məlumat yayıb. Respublikanın hüquq-mühafizə orqanlarından hadisənin altı iştirakçısının saxlandığı, iki nəfərin isə axtarıldığı bildirilib. Yaralıların vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Agentliyə danışan informasiyalı mənbənin sözlərinə görə, dava regionun yüksək vəzifəli şəxslərinin övladlarının da yer aldığı Dərbənd və Məhərrəmkənd qrupları arasında baş verib. İnsidentin bizneslə əlaqəli olduğu bildirilir.
Mənbənin sözlərinə görə, Dərbənd qrupunda şəhərin sabiq başçısı İmam Yaraliyevin, digər qrupun tərkibində Məhərrəmkənd rayonundan olan deputatın qohumları var.
TASS isə xəbər verir ki, tutulanlar arasında Dərbənd şəhər dairəsinin deputatı Rafiq Yaraliyev də var. Xəbəri agentliyə təsdiqləyən mənbənin sözlərinə görə, konfliktdə 15 nəfər iştirak edib.