"Təhlükəsizlik məsələsi Avropa İttifaqı üçün vacibdir. Bu məsələ Avropa İttifaqının qlobal strategiyasının tərkib hissəsidir". APA-nın Brüsselə ezam olunmuş müxbirinin məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) rəsmisi bildirib.
Aİ rəsmisi qeyd edib ki, Aİ münaqişələrdən heç bir fayda güdmür.
"Biz mümkün üsullarla münaqişələrin həllini dəstəkləyir və hesab edirik ki, onların hərbi yolla həlli yoxdur. Düşünürük ki, təhlükəsizlik əməkdaşlıqda vacib faktordur. Məsələn, Dağlıq Qarabağ münaqişəsi başlayanda Aİ-nin ümumi təhlükəsizlik siyasəti yox idi. Bu münaqişə daha əvvəl baş verib. Ümid edirik ki, bu məsələ həllini tapacaq. Hesab edirik ki, uzun və qısa müddətli münaqişələrdən əziyyət çəkən ölkələr hazırda Aİ üzvü olan ölkələrin bu sahədəki təcrübəsindən yararlanmalıdır", - deyə o vurğulayıb.
“Aİ ilə Azərbaycan arasında yeni sazişin imzalanması istiqamətində işlər gedir və biz bu ölkə ilə təmasları genişləndiririk”. Bu sözləri isə Aİ Şurasına sədrlik edən Estoniya prezidenti Kersti Kalyulayd Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində təşkil edilmiş press-tur iştirakçıları ilə görüşdə deyib.
O bildirib ki “Şərq Tərəfdaşlığı” ölkələrində islahatların genişləndirilməsi çox vacibdir və Aİ bu istiqamətdə bu ölkələrə dəstək verir: "2009-cu ildə “Şərq Tərəfdaşlığı” proqramı yaranandan bu vaxtadək Avropa İttifaqının bu proqrama dəstəyi 5,4 milyard avro dəyərində qiymətləndirilir".