Müdafiə Nazirliyi Azərbaycan ordusunun hərbçisinin meyitinin təmas xəttində tapılması barədə məlumat yayıb.
MN-dən baki-xeber.com-a daxil olan məlumatda bildirilir ki, hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən, 05.01.2017-ci il tarixdə Sədərək rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Cəlilbəyli Bəhruz Pərviz oğlunun (27.11.1998-ci il təvəllüdlü) meyitinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətindəki qoşunların təmas xəttində, Ermənistan silahlı qüvvələrinin mövqeləri yaxınlığında olduğu müəyyən edilib.
Açılmış cinayət işi üzrə istintaq davam etdirilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan əsgərinin meyitinin qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə isə Dövlət Komissiyasından məlumat verilib.
Məsələ ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.