İran parlamentinin spikeri Əli Laricani İran, Türkiyə və Rusiya yüksək səviyyəli görüşünü Suriya münaqişəsinin çözümündə önəmli addım adlandırıb.
Baki-xeber.com-un xəbərinə görə, Laricani bu açıqlamasını Asiya Parlament Assambleyasının 10-cu toplantısında iştirak etmək üçün gəldiyi İstanbulda səsləndirib. O deyib ki, İraq və Suriyada bir neçə illik avantüralardan sonra bir çox ölkələr terrorizmlə mübarizədə ön cəbhədə yer tutmalı oldu. Halbuki, İran həmin dövrdə terrorla təkbaşına mübarizə aparırdı.
O deyib ki, bu situasiyada sözügedən üç ölkənin bir araya gələrək terrorizmin üzərinə yeriməsi yaxşı əlamətdir və bu proses davam edərsə, həmin üçlük təkcə Suriyada deyil, bütövlükdə Asiyada sabitliyin bərqərar olunmasında ciddi rol oynayacaq.
Xatırladaq ki, 21-24 noyabr tarixlərində İstanbulda Asiya Parlament assambleyasının 10-cu iclası keçirilir. Prezidentlər vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani arasında keçiriləcək Soçi görüşü isə, Kremldən verilən məlumata görə, noyabrın 22-də baş tutacaq. Xəbərə görə, Suriya müzakirələri Astana formatında birgə işi nəzərdə tutur.