Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi tərəfindən “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, musiqiçilər, media nümayəndələri və bəzi şirkətlər layiq görülüb.
Mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim olunur.
Mərasimdə çıxış edən təşkilat komitəsinin koordinatoru Anar Sarıyev ölkədə gənclərin aktiv fəaliyyətini mərhum prezident Heydər Əliyevin vaxtilə bu sahənin inkişafı üçün atdığı addımlarla əlaqələndirib: “Bunun nəticəsidir ki, o, Azərbaycan xalqının və gənclərin yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb”.
Mükafata layiq görülən Azərbaycan Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov vurğulayıb ki, bugünkü gənclər ulu öndər Heydər Əliyevin qurduğu cəmiyyətdə yaşadıqlarına görə çox xoşbəxtdirlər.
Millət vəkili Qənirə Paşayeva da bu mükafata layiq görüldüyündən şad olduğunu qeyd edərək, H.Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb.
Mükafata layiq görülən digər millət vəkilləri bundan qürur duyduqlarını deyərək, Gənclər Mərkəzinə təşəkkür ediblər.
Çıxışlardan sonra “Gənclərin Dostu” Milli Mükafatı öz sahiblərinə təqdim olunub. Mükafat alanlar arasında “Bakı-Xəbər” qəzetinin əməkdaşı Günel Cəlilova da olub.
Xəbər xidməti