Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. Bunu “Trend”ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. O deyib ki, Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
“Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə razıdır” – deyən Hikmət Hacıyev bildirib ki, bu təklif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüşdə səsləndirilib.
Onun sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrda Vyanada ATƏT Nazirlər Şurasının toplantısı çərçivəsində görüşməyə razılıq veriblər. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir ki, həmsədrlər görüş üçün hərtərəfli siyasi həllə bağlı məsələləri və təmas xəttində gərginliyi azaltmaq üçün xüsusi tədbirləri özündə birləşdirən gündəliyi hazırlayacaq: "Xüsusi diqqət ATƏT-in fəaliyyətdə olan sədrinin ofisinin genişləndirilməsi məsələsinin yekunlaşmasına yönəldiləcək".
Bəyanatda həmsədrlər Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endrü Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin Moskvada noyabrın 14-də Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, dünən isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşünün keçirildiyi vurğulanır.
Qeyd olunur ki, həmsədrlər nazirlərlə oktyabrın 16-da Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri tərəfindən əldə olunmuş razılaşmanın icrası üçün konkret addımları və həmin görüşdə həmsədrlər tərəfindən qaldırılmış digər məsələləri müzakirə edib.
Görüş zamanı tərəflər arasında masada olan bir sıra təkliflərlə bağlı fikir mübadiləsi də aparılıb.
“Azərbaycan Qafqaz regionunda Rusiyanın vacib strateji tərəfdaşıdır”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir. Bunu isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirb. O deyib: “Bu bizim üçün prioritet məsələlərdən biridir, ona görə ki, burada söhbət qonşularımızdan gedir”.
M.Zaxarova həmçinin vurğulayıb ki, Rusiya ATƏT Minsk Qrupunun digər həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll yollarınını tapılması üçün tərəflərə kömək göstərməkdə davam edir.