Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüş başa çatıb. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, görüş konstruktiv və substantiv xarakter daşıyıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar masasında olan bütün təkliflər üzrə konkret müzakirələr aparılıb. Azərbaycan tərəfi aparılmış müzakirələrdən razıdır:
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli və regionda davamlı sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan Respublikası substantiv, məntiqi və konkret danışıqları daim dəstəkləyir".
“Rəsmi Bakı Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə razıdır” – deyən Hikmət Hacıyev deyib ki, bu təklif Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Moskvada keçirdiyi görüşdə səsləndirilib.
Onun sözlərinə görə, görüş əsnasında təklif olunub ki, 7-8 dekabr tarixlərində Vyanada keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin toplantısı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilsin. Azərbaycan tərəfi bu təklifə öz razılığını bildirib.